20 Yanvara aid şeirlər

 

Şəhidlər

Müəllif: Bəxtiyar Vahabzadə
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
 
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
 
O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
 
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
 
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
 
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
 
Dözdü hər zillətə, dözdü hər şeyə,
«Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
 
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
 

Külüm gözləyir

Müəllif: Mayil Dostu
İgidlərim şir olacaq,
Vətən bütöv, bir olacaq,
Yurdlar əziz pir olacaq,
Gələcək o ilim mənim.
 
Bülbül havalanıb uçmur,
İnciyibdi, qönçəm açmır,
Daha qızlar dərib qaçmır,
Qəribsəyib gülüm mənim.
 
Yurd sarıdan üzüm qara,
Qisas hara, söhbət hara?
Düşmənə vuracam yara,
Uzanacaq dilim mənim.
 
Qürurum, vüqarım enməz,
Hərarətim, odum sönməz,
Qarabağdan üzüm dönməz,
Yol gözləyir külüm mənim.
 

Ağla, qərənfi̇l, ağla

Müəllif: Məmməd Aslan
 
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
 
Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!
 
Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
 
Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!
 
Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!
 
Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!
 
Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!
 
Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!
 
Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!
 
Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!
 
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!
 
Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!
 
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!
 
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!
 
Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *