Xocalıya aid şeirlər

 

Can Xocalı

Seymur Sönməz
Qoca cavan baxmadılar,
Allahdan da qorxmadılar.
Neçə cana susadılar,
Qaldı analar yaralı,
Can Xocalı,Can Xocalı.
 
Vətənindən perik düşdü,
İllər, aylar da ötüşdü.
Məzarlıqlarda görüşdü,
Sinəsi dərdli qubarlı,
Vay Xocalı,Vay Xocalı.
 
Əsir düşdü ana, bacı,
Bu dünyada böyük acı.
Hamimizin bir möhtacı,
Sən olmusan can Xocalı,
Can Xocalı, Can Xocalı.
   

Ağlama bəsdi…

Şəhriyar Allahyaroğlu.
Bir zaman üstündən qara yel əsdi,
Yel qarı sovurdu,qar yolu kəsdi.
Ağlatmaq vaxtıdır,ağlama bəsdi
Son qoy dərdə,qəmə,naləyə,aha-
Ağlama Xocalım,ağlama daha.
 
Od saçır bu odlar yurdumuz bizim,
Dünyanı isidir odumuz bizim,
Elə bir gücdədir ordumuz bizim,
Bu döyüş düşmənə gələcək baha-
Ağlama Xocalım,ağlama daha.
 
Bitsin əfqanımız,bitsin ahımız
Bizə səbr vermə ey Allahımız,
Əsir məzarlardır səcdəgahımız,
Səni and verirəm o səcdəgaha-
Ağlama Xocalım,ağlama daha.
 
Ağlasan sevinər türkün düşməni,
Ağlama,ağlamaq qorxudur məni.
Gəlib əsarətdən qurtarar səni,
İgidlər sarılar topa,silaha-
Ağlama Xocalım,ağlama daha.
 
Gülümsə çatlasın düşmənin bağrı,
Bilirəm,dəhşətdir çəkdiyin ağrı.
Az qalıb,gəlirik qoynuna doğru
Ümidlə baxırıq üzü sabaha-
Ağlama Xocalım,ağlama daha.
 
Ali Baş Komandan bir kəlmə dinə,
Hamımız müntəzir onun əmrinə.
Ana dediyimiz vətən naminə,
Əli qana batan batmaz günaha-
Ağlama Xocalım,ağlama daha.
 
Çəkilər üstündən qara bulutlar,
Sənin Əlifin var,İnqilabın var.
Varsa Mübariztək igid oğullar,
Başqa bir ehtiyac yoxdur izaha-
Ağlama Xocalım,ağlama daha.
 
Səndə qalmayacaq düşməndən bir iz,
Bitəcək bu həsrət,bu ahnaləmiz.
O günlər olacaq,güvənirik biz
Yerdə ordumuza,göydə Allaha-
Ağlama Xocalım,ağlama daha.
   

Xocalı

Sərdar Zeynal
Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!
 
Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!
 
Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!
 
Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!
 
Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!
 
Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!
 
Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!
 
Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!
 

Комментарии

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *